Uşaqların dişləri niyə tez çürüyür ?

Bu gün müasir stomatologiyanın ən böyük problemlərindən biri barəsində danışacağıq. MİH-nın müalicəsi varmı ?

Bu gün müasir stomatologiyanın ən böyük problemlərindən biri barəsində danışacağıq. Uşaqlarda karies.

Çox valideyn mənə sual verir: Niyə uşağımın dişləri belə tez çürüyür ? Suala cavab verərkən bloqu 2 hissəyə böləcəm. Əvvəlcə valideynləri biraz tənbeh edəcəyəm, daha sonra onlara biraz bəraət qazandıracağam.

Tənbeh

Məsələni dərk etmək üçün əvvəlcə kariesin yaranma mexanizmini bir daha izah edək. Bildiyimiz kimi insanın ağız boşluğunda milyardlarla bakteriya, virus və göbələk var. Son araşdırmalara görə 700-dən çox növdə !!! fərqli törədici. Xoşbəxtlikdən onların hamısı bizim üçün ziyanlı deyil. Və həmin bakteriyalardan bir qismi bizim qidaların tərkibindəki karbohidratların, ən çox da şəkərin hesabına yaşayır. Sadəcə özləri üçün yaşasalar, dərd yarı. Həmin bakteriyalar bizim çörəyimizi yeyib dişlərimizin üzərinə turşu ifraz edirlər. Turşu da bilirsiz, demək olar hər şeyi əridir. Eləcə də bizim dişin mina qatını, yəni şirəsini aparır. Bununla kifayətlənməyən bakteriyalar dişdə bir deşik açandan sonra onun içinə girirlər. İçəridə bakteriyaların işi daha rahatdır, çünki dişin iç maddəsi dentin üst qat olan minadan xeyli yumuşaqdır. Və yaratdığı çürüyün içində yaşamaq bakteriya üçün xeyli daha asandır, çünki onları oradan diş fırçası ilə süpürüb atan yoxdur. Qida bol, sakit gizlin yer, kef eləyirlər özləri üçün. 

Bütün bu prosesin nəticəsində bizim dişdə karies dediyimiz çürük əmələ gəlir. Bura qədər hər şey aydındır məncə.

İndi qayıdırıq əvvələ. Diş nədən çürüyür ? Dişlərimizin üzərindəki bakteriyaların bizim qidanın tərkibindəki şəkəri həzm edib əvəzində turşu ifraz etməsindən. 3 açar sözü yadda saxlamağa çalışın : bakteriya, şəkər, turşu.

Bu üçündən biri olmasa, karies yaranmır. İndi yavaş-yavaş əsas məsələyə yaxınlaşırıq. Deməli karies yaranıbsa, biz haradasa boşluq buraxmışıq. Həm bakteriyaların dişlərimizin üzərində artıb çoxalmağına şərait yaratmışıq, həm onlara bol yem vermişik ( şəkər ), həm də onların turşu ifraz edərək dişlərimizi əritməsinə kənardan sakitcə tamaşa etmişik.

Burada qısaca kənara çıxaraq onu deyim ki, kariesin yaranma mexanizmi həm uşaqlarda, həm də böyüklərdə eynidir.

Artıq yəqin hiss edirsiz, niyə bu hissənin adını tənbeh adlandırdım. Bəli, çünki balaca uşaq karbohidrat, turşu, bakteriya anlayışlarını hələ tam dərk etmir, dişdə karies yaranma mexanizminə nəzarət edə bilmir. Bütün məsuliyyət valideynlərin üzərindədir. Əgər uşağın dişi çürüyürsə, onun günahı valideyndədir. Valideyn vaxtında kariesin yaranması haqda oxuyub araşdırmalı, uşağını mütəmadi müayinəyə aparmalıdır. Həmçinin valideyn uşağın düzgün qidalanmasına, dişlərini nə dərəcədə yaxşı təmizləməsinə nəzarət etməlidir. 

Əgər uşağın dişləri çürüyübsə, deməli valideyn yuxarıda deyilənlərin heç birinə əməl eləməyib !

“Axı həkim, biz gecə-gündüz uşağın dişlərini təmiz fırçalayırıq, yeməyinə nəzarət edirik, artıq şirniyyat, şokolad vermirik. Amma yenə də çürüyür. Bəs bu necə olur ?“ . Doğurdan, bu necə olur ? Necə olduğunu alimlər tapıblar.  


Bəraət

İndi isə qismən də olsa valideynləri vicdan əzabı çəkməkdən qurtaran xəbəri paylaşmaq istəyirəm. Almaniyada aparılan son araşdırmalar göstərir ki, 12 yaşlı uşaqların 30 % -də dişlərin çürüyüb dağılma səbəbi sadəcə karies deyil. Səbəb dişlərin anadangəlmə tam inkişaf etməməsidir. Elmi dildə buna Molar-İncisival Hypomineralisation, qısaca MİH deyirlər. Xüsusən ön kəsici və arxa azı dişlər zədələnir. Sadə dillə desək, dişlər doğuşdan yarımçıq olurlar, onların üst mina qatı tam inkişaf etmiş olmur. Üst mina qatı olmadığına görə dişlər çox kövrək, kariesə qarşı müdafiəsiz olurlar. Hətta öz-özünə ovxalanıb gedirlər. Belə dişlər sanki sinirin üstü açıqmış kimi hər cür isti-soyuğa, toxunuşa qarşı olduqca həsass olduğuna görə uşaqlar həmin dişlərini normal fırçalaya da bilmirlər. Çünki çox ağrılıdır. Nəticədə onsuz da zəif olan diş qısa müddətdə həm də karies olur və göz görə-görə dağılıb məhv olur. 10 yaşında daimi dişlərini, bir daha qeyd edirəm süd yox haa, daimi dişlərini itirən uşaqda həmin dişin yerinə nə edəcəksiz ? İmplant ? Protez ? Cavab o qədər də asan deyil. 

MİH bütün dünya alimləri tərəfindən artıq bəşəriyyətin yeni bəlası adlandırılır. Yaranma səbəbləri arasında antibiotik qəbulu, Bisfenol-A, körpə vaxtı keçirilmiş bəzi xəstəliklər olsa da, mexanizmi hələ də tam araşdırılmayıb. 


MİH-nın müalicəsi varmı ?

Bütün digər xəstəliklər kimi MİH-nın da fəsadlarının qarşısını almaq onu vaxtında aşkarlamaqdan başlayır. Vaxtında qoyulan düzgün diaqnoz uşaqlarınızın dişlərini düzgün müalicə etməyə və beləliklə də onları xilas etməyə kömək edir. MİH olan dişlər xüsusi intensiv qulluq və daimi nəzarət tələb edir. Sizin uşaqda MİH olduğunu yalnız və yalnız stomatoloq təyin edə və lazımi tədbirlər görə bilər.