Stomatologiyada doğru bilinən yanlışlar

Bütün sahələrdə olduğu kimi stomatologiyada da əfsanələrlə bəzədilmiş, artıq doğru kimi bilinən yanlış fikirlər var.

Bütün sahələrdə olduğu kimi stomatologiyada da əfsanələrlə bəzədilmiş, artıq doğru kimi bilinən yanlış fikirlər var. Bu günki bloqda həmin yanlış fikirləri və onların niyə doğru olmadığını qısa olaraq yazacağıq. Beləliklə, getdik.


  1. Süd dişlərinin kökü / siniri olmur.

Əksəriyyət süd dişlərinin laxlayıb düşəndə köklərinin olmadığını görürlər. Amma bu o demək deyil ki, süd dişlərinin əvvəldən kökləri olmur. Daimi diş çıxmağa başlayanda süd dişlərinin kökləri sorulmağa başlayır və kökü sorulub qurtarandan sonra süd dişi laxlayıb düşür. Siz hələ laxlamayan süd dişləri çəkilməli olanda süd dişinin uzun kökləri olduğunu kəşf edən valideynlərin üz mimikalarını görsəməlisiz. Eyni səbəbdən bir çox valideyn süd dişinin ağrımasına təəccüblənirlər ki, axı bunun siniri yoxdur, niyə ağrısın. Qısası, süd dişinin kökü də olur, siniri də. Həm də necə!


  1. İmplant ziyandır.

İmplant təbii ki hər şeydən əvvəl yad cismdir və orqanizmə yerləşdirilən zaman ilk öncə orqanizm onu qəbul etməlidir. Stomatologiyada implantlar tamamilə təsirsiz titan və ya keramikadan hazırlandığına görə nə orqanizmdə, nə də çənədə heç bir dəyişikliyə səbəb olmurlar. İmplantlar əlbəttə ki tamamilə ziyansızdırlar və artıq 30 ildən çoxdur ki , dünyada milyonlarla insan hər gün implant olunurlar.


  1. Protez üçün bütün dişlər çəkilməlidir. 

Bir çox insan ağzında qalan 6-7 dişlə birtəhər yemək yeməyə özünü məcbur edir, gülüşü tamamilə korlandığına görə cəmiyyət içinə çıxmır, özünə qapanır. Soruşanda isə əksəriyyəti yerdə qalan 6-7 dişini çəkdirib protez düzəltdirmək istəmədiyini bildirir. Əlbəttə ki həmin dişləri çəkmək lazım deyil. Əksinə əgər möhkəm dişlərdisə, onlardan protezə dayaq üçün istifadə olunur. 


  1. Qapaq qoydursam, dişlərim qapağın altında çürüyəcək.

Bu da çox yayılmış əfasənələrdəndir. Kökü isə ordan qaynaqlanır ki, insanlar hələ 10 il əvvəl düzəltdirdikləri titan qapaqlarla yaşayırlar və o illər ərzində heç vaxt həkim müayinəsinə getmirlər. Nəticədə diş əti çəkilməsi və diş boynu kariesi səbəbindən dişlər sakitcə çürüyürlər. Sakitcə çünki əksərən siniri çıxmış dişlər olur, onlar ağrı vermirlər, ta ki irinli iltihab yaranana kimi. Və bir gün həmin qapaqlar söküləndə altındakı dişin əriyib getdiyini görən pasiyentlər həmin qapaqları günahkar bilirlər. Amma düzgün hazırlanmış, dişə kip oturan qapaqlar heç vaxt dişi çürütmür. Sadəcə mütəmadi vizual və rentgen müayinəsi lazımdır.


  1. Diş ətini müalicə etmək üçün vitamin iynələri vurmaq lazımdır.

Çox oturuşmuş bir əfsanədir. Məsələ ondadır ki, əvvəla vitaminlər orqanizmdə toplanmır. Yəni diş ətinə vurulan vitamin maksimum 2-3 gün öz təsirini göstərir. Sonra yenə qanla sorulub çıxıb gedir. Amma diş əti xəstəliyini yaradan səbəb orda qalır – diş daşı, diş ərpi, dərinlikdə ölmüş diş toxumaları və s. Ona görə əsaslı diş təmizləməsi, küretaj olmadan hansısa diş əti müalicəsindən danışmaq absurddur. Vitamin iynələri vurmaqla özünüzə böyük ziyan vurmuş olmursuz, amma xeyri də yoxdur. Boşuna pul və vaxt itkisi və deşik-deşik olmuş diş ətini nəzərə almasaq.