Profilaktika

Profilaktika

Profilaktika nəyinsə qarşısını almaq, önləmək anlamına gəlir. Stomatologiyada profilaktika dedikdə, ağız boşluğu xəstəliklərinin qarşısını almaq nəzərdə tutulur. Stomatoloji profilaktik tədbirlər ümumilikdə götürsək əsasən karies və onun ağırlaşmalarına və diş əti xəstəliklərinə yönəlib. 

Nəzərə alsaq ki həm karies, həm də diş əti xəstəlikləri demək olar ki əhalinin 100%-də rast gəlinir və hər iki xəstəlik dişlərin itirilməsinə gətirib çıxardır, onda stomatoloji profilaktikanın vacibliyini izah etməyə ehtiyac qalmır.


Kariesin profilaktikası

Kariesin profilaktikası əsasən 4 istiqamətdə olur. Öncədən onu qeyd edək ki, bu tədbirlər birlikdə tədbiq olunduqda kariesin qarşısını demək olar tamamilə almaq olur. Bunlar aşağıdakılardır :


Düzgün qidalanma

  


Kariesi törədən bakteriyalar bizim yediyimiz qidaların tərkibindəki şəkər və kiçik karbohidratlardan istifadə edərək dişimizi zədələyən turşu ifraz edir. Araşdırmalar sübut edir ki, tamamilə karbohidratsız qidalanma karies yaranmasının 100% qarşısını alır. Amma eyni zamanda karbohidratlar bizim qida rasionumuzun əsas hissədir, onlar bizə enerji verir. Yəni reallıqda karbohidratlardan imtina etmək mümkün deyil. Bəs nə edək ?

Əslində şəkər özü özlüyündə birbaşa kariesyaradan dəhşətli maddə deyil. Son araşdırmalar göstərir ki, daha çox şəkərin hansı formada və hansı zaman aralığında qəbulu həlledici rol oynayır. Qısaca desək, dişə yapışan, asanlıqla dişlərdən təmizlənməyən şəkərli qidalar ( məs. şirniyyatlar, un məmulatları, şokolad və s. ) daha təhlükəlidir, nəinki yüngül şəkərli mayelər ( məs. əlavə şəkər qatılmamış meyvə şirələri, kəmşirin çay və s. ) . Həmçinin şirin qidaların yeməkarası vaxtlarda, ayaqüstü , yolda gedərkən qəbulu daha çox kariesə səbəb olur. 

Başqa bir variant şəkərəvəzedicilərdən istifadə etməkdir. Hal-hazırda şəkər olmayan şirinləşdirici maddələrdən qida sənayesində müəyyən qədər istifadə olunur. Belə qidalar şirin dadsa da, karies təhlükəsi daşımır, çünki dişlərimizdəki bakteriyalar həmin maddələri həzm edə bilmir. Ksilit, mannit, sorbit, steviya və eritrit bu günə elmə məlum olan ən məhşur şəkərəvəzedicilərdir. Amma bu maddələri böyük miqdarda qəbul etdikdə müxtəlif həzm pozğunluqları ( köp, ishal və s. ) yarandığına görə onlar hələ də bir qida maddəsi kimi şəkəri sıxışdırıb çıxarda bilmir. 

Ümumiləşdirsək, dişlərinizi kariesdən qorumaq üçün ilk növbədə qida rasionunuzda şəkərin ümumi miqdarını azaltmalısınız. Daha sonra onları əsas yemək vaxtlarında ( səhər yeməyi və ya nahar yeməyi zamanı ) qəbul etməklə, həmçinin yapışqan, dişlərdə və dişaralarında toplanan şirniyyatlardan mümkün qədər yayınmaqla dişlərinizi kariyesdən xeyli qorumuş olarsınız.

Fluoridləmə

Fluoridlər içdiyimiz suda, torpağın tərkibində rast gəlinən maddələrdir. Hələ uzun illər öncə fluoridlərin kariesin qarşısının alınmasında rolu sübut olunmuşdur. Təbabət tarixində hələ heç bir xəstəliyin profilaktikası, hər hansı maddənin orqanizmə təsirləri və profilaktik imkanları bu dərəcədə dərindən araşdırılmayıb. Nə də fluoridləmə kimi hələ heç bir profilaktik tədbir bu dərəcədə geniş və effektli tədbiq olunmayıb. 

Fluoridlər sadə dillə desək, dişlərin kariesə qarşı davamlılığını artırır. Yəni mütəmadi olaraq fluor qəbul edən adamların dişləri daha gec çürüyür. 

Fluorid qəbulu 2 yolla olur.  Sistem və yerli. Sistem üsulla fluoridlər içdiyimiz suyun və xörək duzunun tərkibində bizim orqanizmə daxil olurlar, çünki hər ikisi sənaye üsulla fluorlaşdırılır. Bir növ yodlaşdırılmış duz kimi.  Fluorlaşdırılmış suyun əhəmiyyətini bircə misalla qeyd etsək, bəs edər. Yəqin ki, hamınız Şəki-Qax zonasının camaatında dişlərin necə tez çürüdüyündən xəbərdarsınız. Səbəb həmin yerlərdə suyun yodsuz və fluorsuz olmasıdır. Yerli fluorid qəbulu dedikdə isə diş pastası, fluorlu laklar və gellərdən istifadə nəzərdə tutulur.

Pasiyentlərin ən çox verdiyi sual : hansı diş pastası yaxşıdır ?

Diş pastalarının tərkibində abraziv, yəni təmizləyici , köpükləndirici, yuyucu, pastaya qatı gel forması verən maddələr var. Amma bizim üçün ən önəmli olanı pastanın tərkibindəki fluorun miqdarıdır. Stomatologiyada fluorun miqdarı faizlə ya da ppm ( parts per million ) ilə işarələnir. Belə qəbul olunub ki, 6 yaşa qədərki uşaqlar üçün tərkibində 500 ppm və ya 0,05 % fluorid olan diş pastaları uyğundur. 6-12 yaş arası 1000 ppm fluoridli diş pastaları məsləhət görülür.  Böyüklər isə 1450 ppm və  ya 0,145 %-li pastalardan istifadə etməlidirlər. Yuxarıdakı sualın cavabı : ən yaxşı diş pastası sizə ən uyğun fluorid tərkibi olan pastadır. 

Həmçinin tərkibində adi diş pastalarına nəzərən 10 qat, 20 qat  daha çox fluorid olan xüsusi laklar, gellər də mövcuddur. Amma onların tərkibindəki fluor çox udulanda zəhərlənmə verdiyinə görə, yalnız diş həkiminizin nəzarəti altında onlardan istifadə etməyiniz məsləhətdir.

Fissur möhürlənməsi  


Arxa dişlərin əgər fikir vermisinizsə, çeynəmə səthi çox nahamardır, irili-xırdalı çoxsaylı qabar və şırımlarla, yəni fissurlarla örtülüdür. Mikroskop altında baxdıqda bir növ dağlıq – dərəlik əraziyə bənzəyir. Əslində o nahamarlığın qidanı çeynəmək üçün böyük rolu var. Köhnə, üstü kitab kimi düppədüz metal qapaqları olan və bu səbəbdən qidanı düz-əməlli çeynəyə bilməyən adamlar bunu çox yaxşı başa düşür . Amma bunun digər tərəfi də var. Həmin şırımlar əslində o qədər xırdadır ki, bir diş fırçasının tək bir tükü belə onun için yerləşmir. Yəni dişləri fırçalayanda fırça sadəcə hamar yerləri təmizləyir, o fissurların içi isə qida qalıqları və ərplə dolu olaraq qalır. Nəticəsi hamıya məlumdur – arxa dişlər çox tez, həm də ən çox həmin şırımlar olan yerdən çürüyür. Bunun qarşısını almaq üçün fissurların üzəri xüsusi axıcı plomblarla örtülür. Bununla da dişin çeynəmə səthi çox xırda şırımlardan azad olur və daha asan təmizlənə bilir. Beləliklə də karieslə mübarizədə daha bir effektiv tədbir həyata keçirilmiş olur.

Ağız gigiyenası


Ağız gigiyenası ağız boşluğunu müxtəlif qida qalıqlarından, ərpdən təmizləməkdir. Professional gigiyenadan fərqli olaraq diş həkimi və ya gigiyenist deyil pasiyentlərin özləri tərəfindən həyata keçirilir. Bura mexaniki və kimyəvi üsullar aiddir. Mexaniki gigiyena diş fırçası və diş saplarından istifadədir. Kimyəvi üsulla gigiyena dedikdə diş pastaları, müxtəlif ağız yaxalayıcıları nəzərdə tutulur. 

Diş fırçaları tüklərinin yumuşaqlığına görə sərt, orta, yumuşaq və çox yumuşaq olmaqla 4 cür olur. Hansı fırça tipinin sizə ən uyğun olduğunu diş həkiminiz sizə deyə bilər. Diş fırçası ilə dişlərin görünən hissələrində yığılıb qalmış qida qalıqları və ərp mexaniki üsulla təmizlənir. Amma diş fırçası dişlərin ara hissələrinə girə bilmir. Diş aralarını təmizləmək üçün diş çöpündən deyil, diş sapından istifadə etmək məsləhətdir. Çünki diş sapı diş çöpündən fərqli olaraq diş ətini zədələmir və diş əti ilə dişin arasına da daxil olaraq ən incə və gizlin nöqtələri ərpdən, bakteriyalardan təmizləyir. 

Diqqət !!!

Hətta dünyanın ən bahalı diş pastaları və diş fırçaları belə tamamilə yararsız olur, əgər siz düzgün diş fırçalama texnikasına sahib deyilsinizsə. Dişlərinizi necə düzgün fırçalamalı olduğunuzu diş həkiminiz sizə diş modelləri üzərində göstərə bilər. Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır.