Estetik diş

İnsanlar daha gözəl və yaraşıqlı görünmək üçün hər il müxtəlif məhsullara, müalicələrə milyonlarla pul xərcləyirlər. Saysız-hesabsız xanımlar, son zamanlarda həm də kişilər facelifting və ya digər cərrahi müdaxilələrə əl atırlar ki, iş həyatında daha uğurlu olsunlar, çünki bir çox işdə artıq xarici görünüş mühüm rol oynayır. Amma dişləriniz estetik görünmürsə, ən bahalı plastik əməliyyatlar da vəziyyəti düzəltməyəcək. Estetik dişlər müasir dünyada ümumi estetik görünüşün vacib hissəsidir. Çürük, qırıq dişləri, köhnəlmiş, sürtülmüş qapaq və ya protezləri olan birini heç kim gözəl hesab etmir.

Çoxunuz yəqin düşünürsünüz ki, gözəl dişlərə sahib olmaq plastik əməliyyatlar kimi çox bahalı, nəsə əlçatmaz bir şeydir. Və yaşınızın artıq keçdiyini əsas gətirərək, gülüşünüzün əvvəlki tək gözəl və sağlam olmayacağına inanırsınız. Əslində heç də belə deyil. Siz təsəvvür belə etmirsiz ki, bəzən kiçik müdaxilələr sayəsində dişləriniz necə gözəlləşə bilər. Aşağıda dişlərin  estetik bərpa üsulları haqda yazacağıq. 


Estetik plomblama

Plomblar uzun illər əsasən dişlərin funksional bərpası üçün istifadə olunub. O zamanlar plombların rənginə, necə görünməsinə bir o qədər önəm verməyiblər. Sadəcə dişin çürüyü təmizlənsin, plomblansın, yetər. Bu həm də birbaşa plomb materiallarının özəllikləri ilə bağlı olub.

 Təbii dişin müxtəlif təbəqələri fərqli işıq keçiriciliyinə malikdir. Yəni yaxından baxsaq, dişin bəzi yerləri şəffaf, bəzi yerləri tutqun görünür. Bundan başqa bir dişin üstündə bir neçə fərqli çalarlar görmək mümkündür, dişin boyun hissləri adətən daha sarımtıl, kəsici kənarlara doğru isə daha ağ olur. Üstəgəl dişin səthində, bəzən içində müxtəlif rənglərdə ləkələr, çatlar da rast gəlinir. Bütün bu təbii xırdalıqları əvvəllər sadə plomb materialları ilə bərpa etmək mümkün deyildi. Amma indi müasir plomb materialları vasitəsilə dişin bütün təbii effektlərini demək olar olduğu kimi yenidən yaratmaq imkanımız var.  

Estetik plomblar nəinki öz dişlərinizdən seçilmir, həmçinin dişlərinizdəki müəyyən qüsurları örtə bilir. Əgər dişlərinizdə kiçik əyriliklər varsa, onların rəngi sizi qane etmirsə, hansısa anadangəlmə ləkələr və s. varsa, estetik plomblarla kompozit vinirlər sizin üçün bir seçim ola bilər. 

Kompozit vinir - dişin bütün görünən ön səthinin plombla örtülməsidir. Bu üsulla dişin forma və rəngini dəyişmək olur. Əksər hallarda bunun üçün diş ya heç yonulmur, ya da çox cüzi yonulur.

Kompozit vinirin üstün cəhətləri dişin minimal yonulması, ucuz və tez başa gəlməsi, asan bərpa oluna bilməsidir. Mənfi cəhətləri isə keramika ilə müqayisədə daha tez rəng dəyişməsi, aşınması, çeynəmə təzyiqinə az davam gətirməsidir.


Keramik vinirlər

Keramik vinirlər estetik restavrasiyaların ən məşhur variantıdır. Kompozit vinirlər kimi keramik vinirlər də dişlərin yalnız ön tərəfini örtür. Keramik vinirlər adından göründüyü kimi keramikadan hazırlanır. Bunun üçün xüsusi keramik materiallardan istifadə olunur. Keramik vinirlər yüksək sərtliyi və çox yüksək estetikliyinə görə seçilirlər. Keramik vinirlər də kompozit vinirlər kimi dişlərdəki kiçik forma və rəng uyğunsuzluğunu aradan qaldırmaq üçün tədbiq olunur. 

Keramik vinirlərin üstünlükləri kompozit vinirlə müqayisədə daha uzunömürlü olması, rəng dayanıqlığı, çox yüksək estetikliyidir ( təbii dişdən seçmək mümkün deyil ). Mənfi cəhətləri isə dişlərin yonulması  ( kompozit vinirlə müqayisədə ) , bahalı olması, bir neçə mərhələdə hazırlandığına görə gec təhvil verilməsidir. 


Keramik qapaqlar

Bildiyimiz titan, qızıl qapaqlar, metal-keramik qapaqlardan fərqli olaraq keramik qapaqlar estetik stomatologiyada geniş istifadə olunur. Keramik qapaqlar ya tam keramikadan hazırlanır, ya da zirkonium karkas üzərinə yığılır. Bu zaman onlara zirkonium qapaqlar da deyirlər. Həm zirkonium, həm də tam keramik qapaqlar tünd rəngli metal karkasdan azad olduqlarına görə eyni anda bir neçə üstünlük əldə edirlər. Əvvəla keramik qapaqlar təbii dişlər kimi işığı keçirdə bildiklərinə görə çox estetik görünürlər. İkincisi, zirkonium da, keramika da material olaraq insan orqanizmi tərəfindən asanlıqla qəbul olunur və bunun sayəsində qapaqların diş əti ilə təmasda olduqları yerdə diş əti qızartıları, qaralmalar, göyərmələr əmələ gəlmir.  Keramik qapaqların mənfi cəhəti digər qapaqlara nəzərən daha bahalı olmaları, dişlərin daha çox yonulmasıdır. 


Estetik protezlər

Dişlərinin çoxunu itirmiş pasiyentlərdə ən universal bərpa üsulu protezlərdir. Sadə protezlərin görünən metal qarmaqları onları estetik cəhətdən qəbulolunmaz edir.  Gizli birləşdirici elementli protezlərdə isə görünən qarmaqlar olmur. Protezi dişlərə bağlayan hissələr içəridə qalır və görünüşü ilə artıq pasiyenti narahat etmir. Bundan başqa protezə sadə deyil, estetik süni dişlər qoymaq olur. Həmçinin protezin damaq hissəsini pasiyentin öz diş əti rəngində individual rənglərlə işləmək olur. Xüsusən heç bir dişi olmayan pasiyentlər üçün təbiidən seçilməyən çox estetik protezlər hazırlanır. Bütün bunlar imkan verir ki, pasiyentlər hətta ahıl yaşlarında da gözəl, cavan görünsünlər.

Yalnız təmiz dişlər gözəl görünür!

Hər bir estetik nəticəni əldə etmək və uzun müddət onu saxlamağın yolu təmizlikdən keçir. Dişlər təmiz saxlanmazsa,  istənilən estetik restavrasiya qısa müddətdə rəngini, parlaqlığını itirəcək, dişləri ərp örtəcək, diş daşları yaranacaq, diş əti qızartılı, iltihablı olacaq. Nəticədə həmin o möhtəşəm gözəl təbəssümdən əsər-əlamət qalmayacaq. 

Dişləri təmiz saxlamaq əsasən 2 üsulla olur:

Gündəlik ağız gigiyenası dedikdə diş fırçaları və diş sapları vasitəsilə dişlərin təmizlənməsi nəzərdə tutulur. Bura həmçinin müxtəlif ağız yaxalayıcılarından istifadə də daxildir. Bir şeyi yadda saxlayın ki, heç bir stomatoloq sizin dişlərinizə siz özünüz qulluq etdiyi qədər qulluq edə bilməz. Çünki o, sizi və sizin dişlərinizi ildə maksimum 1-2 dəfə görür, amma sutkanın 24 saatı siz öz dişlərinizlə bir yerdəsiz. Heç bir bahalı restavrasiya, professional təmizləmə metodu sizin gündəlik ağız qulluğunuzun yerini verə bilməz. Ona görə hər gün azı 2 dəfə dişlərinizi fırçalayın, heç olmasa axşamlar diş sapları ilə dişlərin arasını təmizləyin. Nəticə sizi heyrətə gətirəcək!

Professional gigiyena  isə yalnız stomatoloji klinikada həyata keçirilən diş təmizləməsidir. Gündəlik ağız gigiyenası nə qədər vacib və effektli olsa da, dişlərin hər yerini ideal təmizləməyə imkan vermir. Xüsusən ağızda hansısa qapaqlar, protezlər, implantlar varsa, onlara mütəmadi professional qulluq lazımdır. Yalnız xüsusi alətlər və cihazların köməyilə həmin konstruksiyaların ətrafındakı gizli yerləri aşkarlamaq, aylarla, bəzən illərlə yığılmış ərpi, diş daşını təmizləmək mümkündür. 

İdeal sağlam təbəssümün sirri

Sadəcə gündəlik dişlərinizə qulluq etməklə və ildə 3-4 dəfə professional təmizləmənin köməyilə həm öz dişlərinizi uzun illər sağlam saxlaya, həm də artıq mövcud restavrasiyalarınızın ömrünü uzada bilərsiniz. Gözəl dişlər yalnız təmiz dişlərdir !