Diş həkimi ilə sual-cavab

Diş həkimliyində məşhur suallara cavab

Diş həkimliyi bütün zamanlarda aktual bir sahə olub. Daim diqqət mərkəzində olduğu və inkişaf etdiyi üçün insanlarda bu sahəyə aid çoxlu suallar yaranır. Bu gün gündəlik işimdə ən çox rastlaşdığım sualları sizin üçün cavablandırmaq qərarına gəldim. Beləliklə, getdik.

1ci – İldə neçə dəfə diş müayinəsi olunmalıyam?

Beynəlxalq stomatoloji assossiasiyalar, elmi cəmiyyətlər tərəfindən qəbul olunub ki, pasiyentlər ildə heç olmasa 2 dəfə, yəni hər 6 aydan bir stomatoloji müayinədən keçməlidirlər. Ancaq həmçinin bildirilir ki, bu müddət həkim tərəfindən fərdi olaraq hər pasiyentə uyğun seçilir və pasiyent ildə 3-4 dəfə, bəzi hallarda hər ay belə müayinəyə çağırıla bilər. Bu zaman individual olaraq pasiyentin ağız gigiyenası, ağız sağlamlığı, ağız boşluğundakı restavrasiya və konstruksiyaların növü, pasiyentin ümumi sağlamlıq vəziyyəti nəzərə alınır. Müayinə məsafələri yaxın olduqda pasiyentin gözdən qaçırdığı hər hansı problem ( məsələn karies ) çox da böyüyüb inkişaf etməyə macal tapmır və həkim erkən müdaxilə ilə kiçik problemi həll edə bilir. Bu da məhz pasiyent üçün həm ucuz başa gəlir, həm də daha uzunömürlü sağlamlıq durumu yaradır.

2ci - hansı ağız gigiyenası vasitələri var ?

Ümumiyyətlə ağız boşluğu gigiyenası üçün istifadə olunan vasitələr kimyəvi və mexaniki olaraq 2 üsulla təsir edir. Onlardan diş fırçası, diş sapı, diş çöpü mexaniki olaraq qida qalıqlarını və diş ərpini təmizləyir. Diş məcunu, ağız yaxalayıcıları isə kimyəvi üsulla diş ərpini yuyub aparır, ağız boşluğunu dezinfeksiya edir. İdeal nəticə almaq üçün bu vasitələri kombinə etmək lazımdır. Yəni dişlər həm fırça və məcun ilə təmizlənməli, diş araları diş sapı ilə işlənməli, vaxtaşırı ağız yaxalayıcı vasitələrlə də ağız boşluğu dezinfeksiya olunmalıdır. 

3cü – niyə dental rentgen olunmalıyam ?

Rentgen müayinəsi o zaman lazım olur ki, sadə müayinə üsulları ilə xəstəliyin dəqiq diaqnozunu təyin etmək mümkün olmasın. Həmçinin müalicə üsullarının daha dəqiq seçilməsi, hansısa ağırlaşmalardan, fəsadlardan yayınmaq üçün, eləcə də müalicənin istənilən nəticəni verdiyini təsdiqləmək üçün də rentgen müayinəsindən istifadə olunur. Məsələn qapaq və ya körpü konstruksiyanın altında hansısa dişinin ağrıdığını deyən pasiyentdə dəqiq hansı dişinin ağrıya səbəb olduğunu, həmin dişin nə vəziyyətdə olduğunu, müalicə şansı olub olmadığını və s. rentgen müayinə olmadan söyləmək qeyri mümkündür. Və ya kanal müalicəsi zamanı dişin neçə kanalının olmasını, kanalların əyrilik dərəcəsini, istiqamətini , uzunluğunu , yalnız rentgen müayinəsi zamanı təyin etmək olur. Əslində stomatologiyada rentgen müayinəsi tək diş, 2d panoram, sefalometrik və 3d ( KT, CBCT ) olmaqla bir neçə növə bölünür. Və bunların hər birinin öz istifadə yerləri var. Stomatologiyada rentgen müayinəsi çox geniş bir mövzudur və bu mövzu haqda ayrıca video hazırlayacam. 

4cü – diş həssaslığı nədir və niyə məndə var ?

Diş həssaslığı deyildikdə əslində dişin hiperhəssaslığı, yəni dişin normadan çox həssas olması nəzərdə tutulur. Çünki dişlər adi halda onsuz da müəyyən həssaslığa malikdirlər, insan dişləri ilə isti-soyuğu, təzyiqi hiss edir. Gəl ki bu həssaslıq normadan çox olduqda pasiyent üçün əzaba çevrilir – az qala hər qida qəbulu onda ağrıya səbəb olur, hətta biraz soyuq havada belə bütün dişləri sızıldayır. Səbəbi nədir ? Hiperhəssaslığın əsas səbəbi dişin mina qatındakı problemlərdir – bu çat da ola bilər, mina qatının zəif inkişaf etməsi, həmçinin qida vərdişləri və ya qeyri-düzgün fırçalama texnikasından dolayı dişin mina qatının sonradan nazilməsi də. Bu səbəblərin hər biri haqda qısaca danışmaq istəyirəm.

Diş çatları – dişin mina, dentin və ya hər 2 qatının tamlığının pozulmasıdır. Normalda mina qatı sərt bir maddədən ibarətdir, heç bir sinir, damar ilə təchiz olunmayıb. Dişin içərisi isə dentin təbəqəsidir və orada çoxlu sayda mikrokanallar, sinir ucları var. Mina qatı haradasa çatlayanda həmin çatdan maye, kimyəvi maddələr keçərək birbaşa dentin qatına qədər gedir və dişdə qıcıqlanma yaradır. Bu çat daha dərin və sayca çox olduqda dişin dentin qatı da artıq zədələnmiş olur və diş sanki yetişib partlamış nar meyvəsi kimi olur. Artıq hər tərəfdən diş müdafiəsiz qalır, bütün isti-soyuq, şirin, turş nə varsa, birbaşa dişin sinirinə təsir edir. 

Mina qatının inkişaf qüsurları – buna elmi dildə hipoplaziya , aplaziya da deyirlər, doğuşdan dişin mina qatı ya tam formalaşmamış olur, ya da heç olmur. Bu zaman dişi xarici təsirlərdən qorumalı olan mina çox zəif, nazik bir təbəqə halında olur və ya diş tamamilə çılpaq, yalnız dentin qatından ibarət olur. Bu zaman da diş əlbəttə həm çox həssas olur, həm də zəif olduğu üçün tez dağılır. 

Dişin mina qatının sonradan zəifləməsi – əsasən yanlış qida vərdişləri və aqressiv fırçalama nəticəsində uzun illər ərzində dişin mina qatı nazilir. Yanlış qida vərdişləri deyildikdə mütəmadi turşulu qidalar ( məsələn, limon, portağal ) və turşulu içkilərin ( məsələn qazlı içkilər, kola, pepsi və s. ) qəbulu nəzərdə tutulur. Həm qidaların, həm də içkilərin tərkibindəki turşular dişin minerallardan ibarət olan mina qatını zaman- zaman əridir. Nəticədə mina qatı nazilir və artıq öz qoruyucu funksiyasını tam yerinə yetirə bilmir. Burda qeyd edim ki, xüsusilə son illər uşaq və yeniyətmələr arasında populyarlıq qazanmış qazlı içkilər (fanta, kola, pepsi, enerji içkiləri ) dişlərə olduqca ziyandır və şəxsən öz təcrübəmə əsasən deyə bilərəm ki, Azərbaycanda uşaq və yeniyətmələrin ağız sağlamlığı çox bərbad vəziyyətdədir. Və buna əsas səbəblərdən biri də elə az əvvəl adlarını çəkdiyim içkilərin nəzarətsiz, çoxlu miqdarda qəbuludur. 

5ci – uşaqlarda süd dişlərinin kökü olurmu ?

Süd dişləri müəyyən özəlliklərini çıxmaq şərtilə daimi dişlərin tam eynisidir, yəni onların da mina qatı, dentini var, kökləri, kökün içində kanallar, dişin siniri, damarı var ( pulpa ). Sadəcə dişlərin dəyişmək vaxtı yaxınlaşdıqca altdan gələn daimi dişin çıxmasına uyğun süd dişinin kökləri əriyir və müəyyən bir vaxtdan sonra dişin sadəcə tac hissəsi qalır. Nəticədə kökü olmayan süd dişi laxlayıb düşür. Valideynlər də səhvən elə düşünürlər ki, süd dişi elə əzəldən belə olur, onun kökü olmur. Həmin düşüncəyə əsasən də uşaqlarının süd dişlərini əksər hallarda müalicə etdirmək istəmirlər və hatta çox erkən yaşda həmin dişləri çəkdirirlər – həkim, çək getsin, onsuz da süd dişinin kökü olmur ki )) Və siz 5-6 yaşında çəkilən süd çeynəmə dişlərinin necə gözəl köklərinin olduğunu biləndə valideynlərin üz cizgilərini görməlisiz )) Cavab - əlbəttə süd dişlərinin kökləri olur, həm də necə ) Sadəcə vaxtı çatanda əriyir ( əslində hamıda da ərimir, amma bu barədə başqa vaxt ) . Amma vaxtı çatanda. Elə burdan növbəti sual da yaranır.

6cı – bəs süd dişləri nə vaxt tökülür ?

Və eyni yanlış təsəvvür nəticəsində bəzi insanlar elə düşünürlər ki, diş mələyi bir gecənin içində gəlib uşağın bütün süd dişlərini aparır. Yenə də eyni səhv nəticəsində nə qədər uşağın ağrıyan, iltihablı dişləri müalicə olunmur ki –onsuz da töküləcək. Əvvəla hələ heç kim qarantiya verməyib ki, uşağın bütün süd dişləri töküləcək. Müxtəlif səbəblərdən bəzən süd dişlərinin dəyişmə prosesi pozulur və o, laxlayıb düşmək əvəzinə tərsliyinə salıb çənə sümüyünə pərçimlənir. Və maraqlısı odur ki, buna səbəblərdən biri də həmin süd dişinin daimi tayının olmaması ola bilər. Bəli, düz eşitdiz – bəzən olur ki, hansısa süd dişinin daimi tayı yoxdur, həmin süd dişi heç vaxt dəyişmir və 50-60 yaşlarında bir adamın ağzında süd dişi rast gəlinir. Digər tərəfdən süd dişləri hamısı birdən yox, zamanla haradasa uşağın 5-6 yaşlarından başlamış ta 10-11 yaşlarına qədər sistemli, ardıcıl bir şəkildə tökülür və yerinə daimi dişləri çıxır. Və 9 yaşında dəyişilməli olan süd dişi 5 yaşında çəkilirsə, bu ciddi problemlərə səbəb olur. Bu mövzuya uşaq stomatologiyasına aid yazılarımızda yenə qayıdacağam və orda daha ətraflı danışacağam.

Məncə bu günlük bu qədər bəs olar. Suallar çoxdur təbii ki, sizin də bu tipli hansısa suallarınz varsa, şərh bölümündə yazın, növbəti bloqlarımızda onları da cavablandırmağa çalışacağam.

Hələlik isə sizinlə sağollaşıram , salamat qalın ! Və gülümsəyin, dostlar, gülümsəyin )